home Mərkəzi Bank   Kommunikasiya departamenti  English
Logo Capitol map blur
 

        Azərbaycan
        Respublikasinin
        Mərkəzi Banki
        20 ildə

        Azərbaycan Respublikasi
        Mərkəzi Bankinin
        əməkdaslarinin təltif
        edilməsi

        Sədrin Çıxısı

        Xatirə Sikkəsi

        Poçt Markası

        Press Relizlər

        Məqalə Müsabiqəsi

        Referat Müsabiqəsi

        Foto Galereya

        Video Qalereya

  Press Relizlər       Məqalə Müsabiqəsi       Referat Müsabiqəsi       Foto Qalereya       Video Qalereya    
   
Sədrin çıxışı

Hörmətli qonaqlar!
Hörmətli həmkarlar!
Xanımlar və cənablar!


Böyük sevinc hissi ilə bu gün mən hamınızı Azərbaycan Mərkəzi Bankının 20 illik yubileyi münasibəti ilə keçirilən mərasimdə ürəkdən salamlayıram. Müstəqil Azərbaycanımızın mühüm dövlətçilik atributu olan Mərkəzi Bankın 2-ci onilliyinin qeyd olunması böyük qürur və iftixar hissi doğurur.

Bu əlamətdar gün münasibətilə kollektivimizi, veteranları, bütün bank ictimaiyyətini ürəkdən təbrik edirəm. Əminəm ki, biz bundan sonra da dövlətimizin inkişafı naminə yeni nailiyyətlərə imza atacaq, ölkə iqtisadiyyatının davamlı yüksəlişi və çiçəklənməsi naminə yüksək əzmlə çalışacağıq. Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyev bu əlamətdar gün

münasibətilə Mərkəzi Bankın böyük bir qrup əməkdaşını və məni yüksək dövlət mükafatları ilə təltif etmişdir. Mən bütün kollektivimiz adından Möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Mərkəzi Bankın yubileyi müstəqil dövlət quruculuğunun 20 illiyi ilə üst-üstə düşür. 20 illik müstəqillik dövrü qısa bir dövr olsa da, çox mürəkkəb, lakin, milli tariximizin şərəfli və şanlı bir səhifəsi kimi yadda qalacaqdır.

Xüsusən də müstəqillyimizin son 18 ili Azərbaycanın dünya xəritəsində modern və güclü bir dövlət kimi yer tapmasında və inkişafında həlledici səhifə kimi artıq tarixə düşübdür. Bu parlaq dövrün müəllifi müasir Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider Heydər Əliyevdir.

Müstəqilliyin ən ağır ilk illərində Heydər Əliyev kimi dahi şəxsiyyətin ölkəyə rəhbərlik etməsi Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında və inkişafında həlledici epoxal bir dönüş nöqtəsi olmuşdur. Bü gün müasir Azərbaycan məhz Heydər Əliyev dövlətçilik irsinin bizə bəxş etdiyi möhtəşəm nailiyyətlərdən və nəticələrdən faydalanır. Bu nailiyyətlər həm də gələcək nəsillərimizin firavan yaşaması üçün möhkəm təməllər yaradır.

Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyev cənabları ölkəmizin müasir tarixinə və parlaq gələcəyinə yeni səhifələr yazmaqdadır. Bu gün biz ölkəmizin sosial, iqtisadi və mədəni həyatında böyük bir inkişafın və dirçəlişin şahidiyik. Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, dünyanın geosiyasi və geoiqtisadi xəritəsində inamla özünə strateji mövqelər qazanır.

Cəmiyyətimiz və həyatımız davamlı şəkildə müasirləşir, ölkəmiz qabaqcıl dünya dövlətləri sıralarına doğru cəsarətlə addımlayır. Azərbaycan dövləti və iqtisadiyyatı nənki regional, həmçinin qlobal miqyasda öz sözünü deməkdədir. Cəmi 8 il ərzində iqtisadiyyatın həcmini 3 dəfə artırmış, yoxsulluğu isə 5 dəfə azaltmış ölkələrə dünya tarixində çox nadir hallarda rast gəlinir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu iqtisadi strategiyası sayəsində adambaşına düşən Ümumi Daxili Məhsula görə ölkəmiz son 10 ildə təxminən 40 pillə irəliləyərək 100-dən çox dövləti geridə qoymuşdur.

Azərbaycan Mərkəzi Bankı da strateji dövlət institutu olaraq yarandığı ildən bu günə kimi, ölkənin iqtisadi dayaqlarının möhkəmlənməsi və inkişafında fəal iştirak edir. Bank islahatları və makroiqtisadi sabitlik sahəsində Mərkəzi Bankın əldə etdiyi nailiyyətlər çox ağır, lakin şərəfli tarixi sınaqlardan keçmişdir.

Mərkəzi Bankın fəaliyyətinin ilk illəri ölkədə siyasi və iqtisadi böhran, hərbi təcavüz və vətəndaş qarşıdurması dövrünə təsadüf edirdi. İqtisadi transformasiyanın ilk illərində dərin tənəzzül müşahidə olunurdu. Ölkənin iqtisadi potensialının 60%-i itirilmişdi.

Hiperinflyasiya və yoxsulluq kritik həddə çatmışdı. Ölkənin valyuta ehtiyatları yox dərəcəsində idi. Maliyyə sektoru iflic olmuşdu. Milli valyuta dövriyyəyə buraxıldığı cəmi 2 il ərzində ABŞ dollarına qarşı dəyərini 18 dəfə itirmişdi.

Ümummilli lider H.Əliyevin hakimiyyətə gəlişi ilə vəziyyət radikal sürətdə dəyişdi. Onun uzaqgörən siyasi-iqtisadi kursu nəticəsində Azərbaycan xaosdan sabitlik və davamlı inkişaf dövrünə daxil oldu. Qısa zamanda bazar iqtisadiyyatının əsasları yaradıldı. Makroiqtisadi stabilizasiya və struktur islahatları proqramları uğurla həyata keçirildi.

Bütün bu işlərdə Mərkəzi Bank da fəal iştirak etmişdir. Ötən illər ərzində Mərkəzi Bankın digər iqtisadi orqanlar ilə birgə effektiv fəaliyyəti sayəsində ölkədə dayanıqlı makroiqtisadi sabitlik hökm sürür. Təsadüfi deyil ki, makroiqtisadi sabitliyə görə Azərbaycan dünyanın ilk 20 ölkəsinin sırasındadır. Son 10 ildə orta illik inflyasiya 8%-ən aşağı olmuşdur. Aşağı inflyasiya səviyyəsi yoxsulluğun azaldılmasında əhəmiyyətli rol oynamışdır.

Manat regionda ən dayanıqlı və etibarlı valyutaya çevrilmiş, o, transsərhəd ticarətində regional valyuta kimi istifadə olunmağa başlamışdır. Manatın ABŞ dollarına qarşı məzənnəsinin orta illik dəyişməsi tempi son 10 ildə cəmi 1.6% olmuşdur. Uğurlu denominasiya nəticəsində manatın bir pul nışanı kimi iqtisadi əhəmiyyəti daha da artmışdır. Bu gün Azərbaycan manatı ən son mühafizə elementlərinə və estetik tələblərə cavab verən yeni nəsil pul nişanıdır.

Bank sektorunda transformasiya prosesi uğurla başa çatdırılmış, radikal restrukturizasiya və özəlləşmə proqramları həyata keçirilmişdir. Qabaqcıl beynəlxalq standartlara cavab verən maliyyə infrastrukturu, o cümlədən ən müasir elektron ödəniş sistemləri, poçt-bank sistemi yaradılmışdır. Mikromaliyyə institutları, ipoteka mexanizmi inkişaf etdirilmişdir. İpoteka 8 mindən çox ailəni öz mənzil şəraitini yaxşılaşdırmağa imkan verib. Bank sisteminin fəaliyyətini dəstəkləyən strateji institutlar - kart prosessinq mərkəzləri, əmanətlərin sığortlanması fondu və kredit reyestri yaradılmışdır.

Nəticədə bu gün ölkədə çeşidli və ən müasir maliyyə xidmətləri göstərən liberal, yüksək beynəlxalq reytinqlərə malik bank sektoru fəaliyyət göstərir. Əhalinin bank sisteminə yüksək etimadı var. Təkcə son 10 ildə əhalinin banklarda əmanətləri 35 dəfə artmışdır. İqtisadiyyatın şaxələnməsində banklar aktiv iştirak edirlər. Ötən 10 ildə bankların iqtisadiyyata kredit qoyuluşları 25 dəfə artmışdır. Bank qanunvericiliyi qabaqcıl qərb standartlarına uyğunlaşmış, effektivbank nəzarəti formalaşdırılmışdır.

Mərkəzi Bankın Azərbaycan hökuməti ilə birlikdə məqsədyönlü fəaliyyəti sayəsində ölkə iqtisadiyyatı transformasiya böhranından sonra daha 2 qlobal böhran sınağından uğurla çıxmışdır. Həm 1998-ci ilin Asiya Böhranı, həm də 2008-2009-cu illərin qlobal maliyyə böhranı zamanı ölkədə makroiqtisadi sabitlik və bank sisteminin sabitliyi qorunmuşdur. Bank sistemində vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qlobal maliyyə böhranının yerli banklara və iqtisadiyyata neqativ təsirləri neytrallaşdırılmışdır.

Bank islahatları və makroiqtisadi idarəetmə sahəsində qazanılmış nailiyyətlərdə bir idarəetmə institutu olaraq Mərkəzi Bankın özünün institusional inkişafı mühüm rol oynamışdır. Ötən illər ərzində Mərkəzi Bankda intellektual potensial daim inkişaf etdirilmiş, ən son texnologiyalara və innovasiyalara əsaslanan idarəetmə və əməliyyat sistemləri yaradılmışdır.

Beynəlxalq praktikada mövcud olan ən müasir korporativ idarəetmə və davranış standartları tətbiq edilmişdir. Yüksək mərkəzi bankçılıq ənənələrini özündə təcəssüm edən təşkilatı mədəniyyət və dəyərlər sistemi formalaşmışdır.

Mərkəzi Bank bu gün həm də ölkədə əsas “beyin mərkəz”lərindən biri olmaqla sosial-iqtisadi inkişaf strategiyasına mühüm intellektual dəstək verir. Biz ölkə miqyasında həyata keçirilən strateji layihələrdə - təhsil sistemi və insan kapitalının inkişafı strategiyasının, dayanıqlı iqtisadi inkişafın konseptual çərçivələrinin formalaşmasında aktiv iştirak edirik.

Hazırda ölkəmiz yeni inkişaf çağırışlarının astanasındadır. Möhtərəm Prezident “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır. Strateji prioritet yaxın illərdə ölkənin yüksək gəlirli dövlətlər qrupuna daxil olmasını təmin etməkdir. Qafqaz iqtisadiyyatının artıq 80%-ni təşkil edən bir iqtisadiyyat üçün bu tamamilə başa düşülən və realistik bir hədəfdir.

Bu prioritetdən çıxış edərək və “XXI əsrin Mərkəzi Bankı” ideyasını rəhbər tutaraq biz ölkə qarşısında duran çağırışları yeni strategiya və innovasiyalarla adekvat qarşılamaq əzmindəyik. Başlıca hədəfimiz - inkişaf etmiş insan kapitalına malik, modern və dinamik dövlət institutuna çevrilməkdir. Bunun üçün qarşıdakı strateji dövrdə onlarla yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Belə bir deyim var “ənənəvi menecment işləri insanların vasitəsilə həyata keçirir, əsl müasir menecment isə insanları işlər vasitəsilə inkişaf etdirir”. Biz gördüyümüz işləri təkcə cari gündəlikdə olan məsələlərin həlli, qısa müddətli məqsədlərin reallaşması üçün etmirik. Bizim iş portfelində gələcək üçün gördüyümüz işlər strateji paya malikdir.

Əminəm ki, qarşıdakı strateji dövr Azərbaycan Mərkəzi Bankının sözün əsl mənasında “XXI əsrin mərkəzi bankı” ideyasının reallaşmasında mühüm mərhələ olacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına Mərkəzi Bankın fəaliyyətinə verdiyi yüksək qiymətə, bizə daim göstərdiyi diqqət və qayğıya görə bütün bank ictimaiyyəti adından dərin təşəkkürümü bildirirəm. Cənab Prezidentin Mərkəzi Banka olan yüksək etimadının bundan sonra da böyük əzm və şərəflə doğruldacağımıza inanıram.

Diqqətinizə görə təşəkkür edirəm.



 
Created by Azerin LLC