home Mərkəzi Bank   Kommunikasiya departamenti  English
Logo Capitol map blur
 

        Azərbaycan
        Respublikasinin
        Mərkəzi Banki
        20 ildə

        Azərbaycan Respublikasi
        Mərkəzi Bankinin
        əməkdaslarinin təltif
        edilməsi

        Sədrin Çıxısı

        Xatirə Sikkəsi

        Poçt Markası

        Press Relizlər

        Məqalə Müsabiqəsi

        Referat Müsabiqəsi

        Foto Galereya

        Video Qalereya

  Press Relizlər       Məqalə Müsabiqəsi       Referat Müsabiqəsi       Foto Qalereya       Video Qalereya    
   
Azərbaycan Respublikası Mərkəzi Bankı. 
Referat müsabigəsi.
3-ci yer.


Samir Veliyev

Azərbaycan Diplomatik Akademiyası
Magistr, Diplomatiya və Beynəlxalq Münasibətlər, gözlənilir - May 2013

Azərbaycan bankları və onların regionlarda fəaliyyəti.

Plan:
1. Bankların regionlarda fəaliyyətinə baxış
2. Regionlarda bank sisteminin inkişafına təsir edən amillər
3. Nəticə və təkliflər

1. Azərbaycan hökümətinin regional inkişaf proqramlarının tətbiq edilməsinə baxmayaraq, bank sisteminin regionlar və Bakı şəhərindəki fəalliyəti arasında kəskin fərqlərin olduğu gözə çarpır. Belə ki, hazırda bank sektorunda fəaliyyət göstərən banklardan cəmi iki bank regional bankdır və onların da bank sektorunda payı çox kiçikdir. Məsələn, GəncəBankın kredit portfelinin cəmi banklar üzrə olan müvafiq göstəricidə payı 0,003%-dir (müvafiq olaraq, 29,2 mln. və 9163,4 mln). 1 yanvar 2011-ci il tarixinə cəmi bank filiallarının 316-ı (49,1%) regionlarda fəaliyyət göstərir. O cümlədən, kreditlərin strukturuna baxsaq, regionların kreditləşməsi ümumi ölkə üzrə çox aşağı səviyyədədir. Bankların verdiyi kredit qoyuluşunun 88,7%-i Bakı-Abşeron regionunda, geridə qalan təxminən 10%-lik qismi isə regionların payına düşür. Kredit qoyuluşunun regional strukturna baxsaq, Bakı şəhəri 85,1%, Abşeron regionu 3,6%, Aran regionu 3%, Gəncə-Qazax regionu 2,6%, Şəki-Zaqatala – 2,3%, Lənkəran regionu isə cəmi 1,3% paya malikdir. Digər regionların payının heç 1%-i keçmədiyi görünür. Həmçinin, regionlarda verilən kreditlərin əksər hissəsini müxtəlif fondlar (Kənd Təsərrufatı Nazirliyi yanında Kənd Təsərrufatı kreditləri uzrə Dovlət Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu, və s.) tərəfindən verilən güzəştli kreditlər təşkil etdiyini nəzərə alsaq regionların kreditləşməsində kommersiya banklarının birbaşa marağının az olduğu ortaya çıxar. Başqa bir diqqətçəkən məqam isə kreditlər üzrə orta faiz dərəcələrinin Bakı şəhərinə nisbətən regionlarda daha yuxarı olmasıdır. Mərkəzi Bankın hesabatlarında göstərildiyi kimi, 2011-ci ilin oktyabr ayına olan məlumatlara əsasən ölkə üzrə orta faiz dərəcəsi 16,1% olmuşdur. Bakı şəhərində bu göstərici 15,5%, Aran regionunda 21,8%, Gəncə-Qazax regionda 21,6%, Lənkəran regionunda 24,8%, və Şəki-Zaqatala regionunda isə 17% olmuşdur.

Əmanətlərin regional strukturunda da vəziyyət fərqli deyil. Belə ki, ölkə üzrə əmanətləri orta faiz dərəcəsi 9,4% olsa da, Bakı şəhəri və Abşeron regionu istisna olmaqla (burada faiz dərəcələri orta göstəriciyə yaxındır: müvafiq olaraq 9,5 və 9,7%) digər regionlarda 3-8% arası dəyişir.

Bankomat və POS-terminalların sayının artımında müsbət dinamika müşahidə edilsə də, bankomatların 2011-ci ilin oktyabrında ölkə üzrə mövcud olan cəmi 2073 bankomatdan 919-u (44,3%) regionların payına düşür. POS-terminalların isə cəmi 8,1%-i regionlarda quraşdırılmışdır.

Bütün bu göstəricilər Azərbaycan bank sisteminin regionlara marağını yüksək olmadığını və regionların bank sistemində rolunun aşağı olduğunu göstərir. 2. Bankların regionlarda marağının aşağı olmamasının isə müxtəlif səbəbləri vardır. Bunlara misal olaraq, ticarət, tikinti və digər aparıcı sektorların əsasən Bakı şəhərində cəmləşməsini, regionlarda əsasən kənd təsərrüfatı sahələrinin inkişaf etməsi, və regionlarda girov problemini göstərmək olar.

a) Banklar arasında aparılan tədqiqatlar göstərir ki, onlar adətən sənaye və istehsal, ticarət və xidmət, nəqliyyat və rabitə kimi sahələrə kredit ayırmaqda daha çox maraqlıdırlar. Belə olan halda, regionların qeyd edilən sektorlar üzrə payı aşağı olduğu üçün kommersiya banklarının maraqlarına Bakı şəhəri daha çox cavab verir. Regionlarda bu sahələrə verilən kreditlərin əksər hissəsi isə Gəncə, Yevlax, Şirvan və Şəki kimi iri şəhərlərdə cəmləşir. Kənd təsərrüfatı sahələri və ev təsərrüfatlarına kreditlərin verilməsində risklərin və mənfəətliliyin nisbətən az olması bankların regionlara yönəlməsinə mane olur. Bu tendensiya özünü istər bankomatların sayında, istərsə də POS-terminalların quraşdırılmasında da göstərir. Bank filialları regionlarda artsa da, hələlik yalnız iri regional mərkəzlərdə yerləşdirilir.

b) Kreditlərin verilməsi üçün banklar tərəfindən tələb olunan girov məsələsi də regionlarda problemli sahələrdəndir. Belə ki, girov qoyulan əmlakın Bakı şəhərinə nisbətən regionlarda dəyərinin aşağı olması region əhalisinin kredit almasına çətinlik törədir. Eyni ölçü və invertarlı əmlakın qiymətində Bakı şəhəri və regionlar arasında ciddi fərqlərin olması regionlara verilə biləcək kreditin həcminin azalmasına səbəb olur. Həmçinin, banklar tərəfindən də qeyd olunur ki, regionlarda girov qoyulacaq əmlakın qeydiyyatında və kreditin qaytarılmadığı hallarda həmin girovun bankın balansına köçürülməsində çətinliklər var. Əmlakın dəyərinin müəyyənləşdirilməsi, sənədləşdirilməsi, eləcə də, məhkəmə prosesləri banklara əlavə problemlər yaratdığından, onlar regionlardan daha çox Bakı və Abşeron regionlarında fəaliyyətə maraqlıdırlar.

c) Regionların inkişafı üçün nəzərdə tutulan dövlət proqramları ilə bankçılığın regionlarda inkişafı balanslı şəkildə aparılmasında müəyyən çətinliklər yarandığından bankların regionlara giriş imkanları da məhdudlaşır. Belə ki, regional inkişaf proqramında yerli müəssisə və təsərrüfatlar birbaşa deyil, dövlət hesabına həyata keçirilən güzəştli kredit götürməyə meyllənir. Nəticədə kommersiya banklarının öz portfeli hesabına verə biləcəyi kredit qoyuluşu üçün onsuz da məhdud olan regional bazarlar daha da kiçilir.

4. Əlaqədar kommersiya banklarının regionlardakı aktivliyinin artırılması üçün yuxarıda qeyd olunan səbəblər aradan qaldırılmalıdır. Regionlarla Bakı şəhəri arasındakı fərqli iqtisadi aktivlik balanslaşdırılmalıdır. Regionlarda əhali gəlirlərinin aşağı olması, sahibkarlıq mühiti və hüquqi məsələlər banklar üçün regionda fəaliyyəti maraqsız edir. Əgər regionların iqtisadi aktivliyi, mənfəətliliyi artarsa və hüquqi məsələlərin həlli asanlaşarsa bankların Bakı şəhərində olduğu kimi regionlara olan marağı da artacaqdır. Regionların inkişafında dair proqramlara bankların cəlb edilməsi stimullaşdırılarsa, onları regional fəaliyyətlərində də artım gözləmək olar. Daha bir səbəb olan girov probleminin həllində isə müvafiq yerli orqanlar girovun qeydiyyatı, satışı və ya digər bu kimi çətinliklərin aradan qaldırılmasına çalışılmalı, islahatlar aparılmalıdır. Əks halda, bankların üzləşdiyi səbəblər qaldıqca, bank bazarının regional strukturunda ciddi dəyişiklik gözləmək çətin olar.

Ədəbiyyat siyahısı:
Mərkəzi Bankın illik hesabatı, 2010-cu il
http://cbar.az/pages/publications-researches/annual-reports/

Mərkəzi Bankın Statistik bülletenləri, oktyabr, 2011, http://cbar.az/assets/1955/Bulleten-oktyabr_2011.pdf

Media və İctimai Təşəbbüslər Mərkəzi, Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi, Bakı (2011)

Samir Əliyev, Kreditlərin 85%-i Bakıya axır, http://sei.az/news-1055.html


 
Created by Azerin LLC