home Mərkəzi Bank   Kommunikasiya departamenti  English
Logo Capitol map blur
 

        Azərbaycan
        Respublikasinin
        Mərkəzi Banki
        20 ildə

        Azərbaycan Respublikasi
        Mərkəzi Bankinin
        əməkdaslarinin təltif
        edilməsi

        Sədrin Çıxısı

        Xatirə Sikkəsi

        Poçt Markası

        Press Relizlər

        Məqalə Müsabiqəsi

        Referat Müsabiqəsi

        Foto Galereya

        Video Qalereya

  Press Relizlər       Məqalə Müsabiqəsi       Referat Müsabiqəsi       Foto Qalereya       Video Qalereya    
   
Azərbaycan Respublikası Mərkəzi Bankı. 
Məqalə müsabiqəsi.

Ağa-Kərim Hacıyev
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat institunun “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin müdiri, Iqtisad elmləri namizədi, böyük elmi işçi

Azərbaycan Mərkəzi Banki müstəqillik illərində – fəaliyyətinin inkişaf istiqamətləri və mərhələləri

Azərbaycanda dövlət müstəqilliyinin bərpası və bazar münasibətləri əsasında milli iqtisadiyyat quruculuğunun başlanması ilə ölkədə müstəqil bank sistemi və onun aparıcı həlqəsi olan mərkəzi bankın fəaliyyətinin təşkili zərurəti yarandı.

Onilliklərlə vahid xalq təsərrüfatı kompleksi və mərkəzləşdirilmiş planlaşdırma şəraitində fəaliyyət göstərən Azərbaycan iqtisadiyyatı üçün mərkəzi bank institutunun yaradılması, ilk illər, bir sıra çətinliklərlə bağlı idi. Ölkədə, mərkəzi bankın fəaliyyəti - iqtisadiyyata idarəedici və tənzimləyici təsirlərin göndərilməsi, qabaqlayıcı siqnalların müəyyənləşdirilməsi və digər bu kimi əsaslı məsələlərin həlli üzrə təcrübə yox idi.

Müstəqillik illəri ərəfəsi:1987-1991-ci illər

Formal olaraq Azərbaycanda iki pilləli bank sisteminə keçid və mərkəzi bankın fəaliyyəti “keçmiş İttifaq Respublikaları” tərkibində, yenidən qurma üzrə islahatlar dövrü başlanmışdı:

- islahatların birinci mərhələsi, 1987-ci il, İttifaq hökuməti, mövcud bir pilləli bank sistemini - SSRİ Dövlət bankı və onun müttəfiq respublikalardakı yerli şöbələrini, iki pilləli bank sistemi ilə - SSRİ mərkəzi bankı və 5 ixtisaslaşmış dövlət komersiya bankı ilə ( SSRİ Sənaye-İnvestisiya bankı, Aqrar-sənaye bankı, Əmanət bankı, Xarici-iqtisadi əlaqələr bankı və Sosial-təminat bankı) əvəzlədi. Müvafiq olaraq bütün müttəfiq respublikalarda mərkəzi bankın nümayəndəliyi və dövlət komersiya banklarının filial sistemi yaradıldı;

-islahatların ikinci mərhələsi, 1988-1991-cı illər, ittifaq ərazisində kooperativ və komersiya bankları şəbəkəsinin yaradılması ilə vahid iqtisadi məkanda iki pilləli bank sistemi quruculuğu başa çatdırıldı.

Lakin mərkəzi bankın əsas funksiyaları - pul-kredit və emissiya siyasəti, valyuta siyasəti, banklararası hesablaşmaların təşkili, bankların fəaliyyətinin tənzimlənməsi və s., SSRİ Mərkəzi bankı tərəfindən müəyyənləşdirildiyindən, İttifaq Respublikaları, o cümlədən Azərbaycan, bu qərarların yalnız icraçısı kimi çıxış edirdi.

Müstəqilliyin ilk illəri: 1991-1992-ci illər

Azərbaycanda müstəqil bank sistemi quruculuğu, 1991-ci il, dövlət müstəqilliyi haqqında Konstitusiya aktı və 1992-ci il, mərkəzi bank və komersiya banklarının fəaliyyətini tənzimləyən qanunverici bazanın yaradılması ilə başlandı. Yarandığı ilk gündən etibarəndə Azərbaycan Mərkəzi Bankının (əvvəllər, Azərbaycan Milli Bankının - AMB) iki əsas fəaliyyət istiqaməti müəyyənləşdi:

1. ölkədə stabil iqtisadi artım və makroiqtisadi sabitliyin, milli valyutanın alıcılıq qabiliyyəti və mübadilə məzənnəsinin sabitliyinin təmin olunmasına yönəlmiş pul-kredit və valyuta siyasətlərinin formalaşdırılması;

2. iqtisadiyyatda stabil nağd və nağdsız pul dövriyyəsinin təmin olunması, komersiya banklarının fəaliyyətinə nəzarət, bu fəaliyyətin istiqamətlər üzrə tənzimlənməsi, banklararası nağdsız hesablaşmaların təşkili, aparılması və təkmilləşdirilməsi.

Başqa sözlə, AMB-ın fəaliyyət dairəsinə Azərbaycanda iqtisadi artımın, məşğulluğun, idxal və ixracın səviyyələrində müsbət meyllərin formalaşmasına yönəlmiş monetar təsirlərin müəyyənləşdirilməsi - dövriyyədə olan pul kütləsinin səmərəli idarəsi, yaranmış vəziyyətdən asılı olaraq iqtisadiyyatın pul təminatının genişləndirilib/sıxılması; faiz dərəcələrinin artırılıb/azaldılması; milli valyutanın digər valyutalara nisbətdə nominal mübadilə məzənnəsinin ucuzlaşdırılıb/bahalaşdırılması; qiymətlərin artım səviyyəsinə (inflyasiyaya), monetar sferanın imkanları çərçivəsində nəzarət və effektiv fəaliyyət göstərən bank sisteminin formalaşdırılması aid edildi.

Müstəqillik illərinin bütün dövrlərində AMB-in göstərilən istiqamətlər üzrə fəaliyyəti, ölkədəki iqtisadi vəziyyətlə sıx əlaqəli olub. Beləki, ölkədaxili iqtisadi vəziyyət, iqtisadiyyata olan xarici təsirlər, AMB tərəfindən reallaşdırılan monetar siyasətin hədəflərini, və əksinə, monetar siyasətin qarşısında duran məqsəd və vəzifələr, ölkədə reallaşdırılan ümumi iqtisadi siyasətə tələbləri və ölkədaxili iqtisadi vəziyyəti müəyyənləşdirib.

Bu səbəbdən müxtəlif dövrlərdə AMB-ın fəaliyyətinin məqsədləri, istiqamətləri, həll etdiyi məsələlər və onların sosial-iqtisadi nəticələri fərqli olub.

1992-1994–cü illər.

Bu illər AMB-in qarşısında duran məsələlər ölkə iqtisadiyyatı üçün fundamental əhəmiyyət daşıyırdı - Azərbaycan manatının dövriyyəyə buraxılması və mili valyutada ölkə daxili hesablaşmaların təşkili; bazar iqtisadiyyatının tələblərinə müvafiq komersiya bankları şəbəkəsinin yaradılması; fəaliyyət göstərən dövlət və komersiya banklarına effektiv nəzarət mexanizmlərinin qurulması; ölkədə makroiqtisadi vəziyyətin tənzimlənməsi və s.

Lakin müstəqilliyin ilk illəri Azərbaycanın siyasi vəziyyətindəki yüksək gərginlik, yaranmış iqtisadi və maliyyə şəraitinin mürəkkəbliyi - ölkədəki iqtisadi tənəzzül, əhalinin sürətli yoxsullaşması, pozulmuş əmtəə-pul tarazlığı, təsərrüfat və qiymətlərin strukturundakı deformasiyalar, müəssisələrin ənənəvi əlaqələrinin pozulması, ölkənin praktiki əhəmiyyətli qızıl-valyuta ehtiyatlarına malik olmaması və s.- AMB qarşısında duran məsələlərin həllini çətinləşdirirdi.

Bunlardan başqa yeni formalaşmış idarəetmə strukturundakı qüsurlar: - AMB-in faktiki olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərkibində fəaliyyəti və ölkə hökumətinin Dövlət büdcəsi üzrə kəsri mərkəzi bankın emissiyası hesabına maliyyələşdirmə imkanları;

- dövlət sektoruna və dövlət vəsaitlərinə zəif nəzarət şəraitində ixtisaslaşdırılmış Dövlət komersiya banklarının (Azərbaycan Respublikası Sənaye-investisiya, Aqrar-sənaye, Əmanət və Beynəlxalq bankların) aktiv əməliyyatlar üzrə imkanlarının genişlənməsi ;

- bank sektorunda bazar iqtisadiyyatının tələblərinə adekvat idarəedici və tənzimləyici qərarları formalaşdıra bilən mütəxəssislərin azlığı və s. vəziyyəti daha da mürəkkəbləşdirirdi.

1992-1994-cü illər AMB qarşısında duran məsələlərin bir qismi, əsasən, öz həllini tapdı. Beləki, 1992-ci ilin ortalarından Azərbaycan manatı, rublla paralel olaraq, dövriyyəyə buraxıldı və ölkə Prezidentinin fərmanı ilə 01 yanvar 1994-cü il tarixindən ölkə ərazisində yeganə ödəniş vasitəsinə çevrildi; iqtisadiyyatda sayı sürətlə artan kiçik müəssisələr və özəl şirkətlərin bank xidmətlərinə olan təlablərinin ödənilməsi üçün, qısa müddət ərzində, AMB-in xüsusi lisenziyaları üzrə, Azərbaycanda özəl komersiya banklarının sayı sürətlə artırıldı (1994-cü il bank sektorunda komersiya banklrının sayı artıq 230-dan çox idi); Azərbaycan manatında respublikadaxili hesablaşmaların aparılması, kreditləşdirmə və digər bank xidmətlərinin göstərilməsi, komersiya banklarının fəaliyyətinə nəzarət və tənzimləmə mexanizmləri quruldu və s.

Lakin yeni yaradılmış AMB-də ilk illərin təcrübəsizliyi, monetar siyasətin formalaşması, dövlət və özəl komersiya banklarının fəaliyyətinə nəzarətdəki ciddi qüsurlar ölkədə makroiqtisadi stabilliyin, pul dövriyyəsi və maliyyə sabitliyinin əsaslı surətdə itirilməsi ilə nəticələndi.

Bu illər ərzində makroiqtisadi vəziyyətin müəyyənləşdiricisi və monetar siyasətin hədəfləri olan inflyasiya, manatın nominal mübadilə məzənnəsi və faiz dərəcələri üzrə kəskin neqativ meyllər müəyyənləşdi.

Inflyasiya: 1992-94-cü illər ərzində, hər il sürətlənərək, 1994-cü il ən yüksək həddə, 1763% səviyyəsinə çatdı. Bu, “keçmiş İttifaq” respublikaları arasında müşahidə olunmuş ən yüksək inflyasiya səviyyəsi idi.

İqtisadiyyatda qiymətlərin bu cür sürətli artımını iki əsas amil müəyyənləşdirirdi:

ı) 01 yanvar 1992-ci il tarixində bütün “keçmiş İttifaq” respublikalarında, rubl məkanında qalaraq, ittifaq dövründən miras qalmış əsas disproporsiyanın- pozulmuş əmtəə-pul tarazlığı, defisit probleminin həlli üçün, eyni zamanda, qiymətlərin və xarici ticarətin liberallaşdırması.

Bu addımdan sonra bütün “keçmiş ittifaq” respublikalarında inflyasiya prosesləri sürətləndi və kömrük sərhədlərinin şəffaflığı şəraitində daxili bazarın qorunması zərurəti inflyasiya proseslərini əlavə olaraq stimullaşdırdi.

Lakin, digər ittifaq respublikalarından fərqli olaraq Azərbaycanda inflyasiya proseslərinə nəzarət praktiki olaraq itirildi.

ıı) ölkədə reallaşdırılan “yumşaq” büdcə və pul-kredit siyasətləri. Beləki, bir tərəfdən, mərkəzi bankın dövlət və sayı sürətlə artan özəl komersiya banklarının kreditləşdirməsini genişləndirməsi; digər tərəfdən, komersiya banklarının, öz növbəsində, iqtisadiyyatın kreditləşdirilməsinin genişləndirməsi, ÜDM-ə nisbətdə kreditlərin səviyyəsini 55-60%-ə kimi yüksəltdi. Pul kütləsinin belə səviyyədə genişlənməsi iqtisadiyyata neqativ təsirlər müəyyənləşdirirdi.

- hər il artan büdcə kəsrinin, ölkə hökuməti tərəfindən, Mərkəzi bankın kreditləri (əlavə emissiya) hesabına maliyyələşdirməsi və maliyyələşdirilən büdcə kəsirinin ÜDM-də payının 13,3%-ə çatması, dövriyyəyə iri həcmdə, heç bir təminatı olmayan pul kütləsinin daxil olması səbəbi idi.

Dövlət maliyyəsinin idarəolunma strukturundakı çatışmazlıqlarla bağlı büdcə vəsaitlərinin mərkəzi bankdan kənar, dövlət komersiya banklarında cəmlənməsi və onlar tərəfindən aktiv əməliyyatlarda istafadəsi də dövriyyədə olan pul kütləsinin genişlənməsi səbəblərindən idi.

1993-94-cü illər ərzində, milli valyutada dövriyyədə olan pul kütləsinin (əhalinin əlində olan nağd və bank hesablarında olan bütün növ nağdsız pul vəsaitlərinin) 113 dəfə artması ilə, iqtisadiyyatda, bir tərəfdən, maliyyə möhtəkirliyi; digər tərəfdən isə, inflyasiya və milli valyutanın alıcılıq qabiliyyətinin sürətli itirilməsi meylləri gücləndi.

- Manatın nominal mübadilə məzənnəsi. Yüksək inflyasiya manatın mübadilə məzənnəsi üçün ciddi problemlər yardırdı – sürətlə alıcılıq qabiliyyətini itirən milli valyuta, paralel olaraq, ABŞ dolları və Rusiya rubluna nisbətdə də sürətlə devalvasiyaya uğrayırdı.

Qapalı valyuta kimi, əski nominasiyada, 1 ABŞ dolları=10 Azərbaycan manatı= 100 Rusiya rublu mübadilə məzənnəsi ilə dövriyyəyə buraxılan manat üzrə, bu illər, 3 müxtəlif məzənnə müəyyənləşirdi – mərkəzi bankın rəsmi məzənnəsi, komersiya bankları üçün, müəssisələrin valyuta daxilolmalarından məcburi alış/satış üzrə müəyyənləşdirilmiş məzənnə və “qara bazar”-da mövcud olan məzənnə. Təbiiki, qiymətlərin sürətli artımı və milli valyutanın alıcılıq qabiliyyətinin sürətli azalması şəraitində, manatın “qara bazar”-da formalaşan məzənnəsi onun real dəyərini daha dəqiq ifadə edirdi. 1992-1994-cü illər ərzində Azərbaycan manatı ABŞ dollarına nisbətdə 315 dəfə devalvasiyaya uğradı: manatın mübadilə məzənnəsi 1992-ci il, dövriyyəyə buraxıldığı günlər, 1 ABŞ dolları, əski nominasiyada, 14 manat; 1994-cü ilin sonları isə 4417 manat təşkil etməyə başladı.

Milli valyutanın sürətlə aılcılıq qabiliyyətini itirməsi və digər valyutalara nisbətdə devalvasiyaya uğraması, əhalidə milli valyutadan “qaçış” meylini gücləndirir, ABŞ dollarını dövriyyədə əsas hesablaşma vasitəsinə çevirirdi.

Bank sektorunda isə, sonrakı illər də bir sıra bankların iflasının əsas səbəbi kimi çıxış edəcək və əhalinin banklara inamını sarsıdacaq, valyuta mövqelərindəki tarazlığın pozulması meylləri güclənirdi.

- faiz dərəcəsi: sürətlənən inflyasiya və devalvasiya proseslərinə müvafiq olaraq iqtisadiyyatda faiz dərəcələrinin də yüksək səviyyələri müəyyənləşdi.

AMB-də bu illər, vəziyyətin nəzarətdə saxlanılması üçün istifadə olunan yenidən maliyyələşdirmə üzrə faiz dərəcələrinin və məcburi ehtiyat normaları səviyyələrinin sürətlə artırılması, əhalinin əlində olan nağd vəsaitlərin artım sürətinin məhdudlaşdırılması, bu məqsədlə komersiya bankları vasitəsi ilə nağd hesablaşmalara nəzarətin sərtləşdirilməsi və təsərrüfat subyektlərinə nağd vəsaitlərin verilməsində sərt məhdudiyyətlərin tətbiqi kifayət qədər yetərli olmadı:

- yüksək inflyasiya şəraitində iqtisadiyyatda pula olan tələbin qabaqlayıcı sürətlə artımı nəticəsində, AMB-də faiz dərəcələri yüksəldikcə, kommersiya banklarında da (ilk növbədə, dövlət komersiya banklarında), kreditləşdirmə üzrə illik faiz dərəcəsi yüksəlirdi. Beləki, mərkəzi bankda kreditləşmə üzrə faiz dərəcəsi 250%-ə qədər qaldırıldıqda, dövlət komersiya banklarında illik faiz dərəcələri 280-300%-ə kimi yüksəldi;

- dövriyyədə nağd pulun istifadəsinin məhdudlaşdırılması komersiya bankları üçün yeni gəlir mənbəyini- hüquqi şəxslərin hesablarındakı vəsaitlərin “nağdlaşdırılması” xidmətinin təklifini yaratdı ( 1994-cü ilin sonları banklarda nağdsız vəsaitlərin nağdlaşdırılması üzrə faiz dərəcəsi 40-45%-ə qədər enmişdi);

- AMB tərəfindən komersiya banklarında aktivlərin idarə olunması üzrə müəyyənləşdirilmiş məhdudiyyətlər komersiya bankları tərəfindən asanlıqla aşılırdı və s.

Beləliklə, inflyasiyanın ilbəil sürətlənərək, hiper inflyasiya fazasına keçidi, milli valyutanın sürətli devalvasiyası, iqtisadiyyatda faiz dərəcəsinin yüksəlməsi artıq spiralvari xarakter daşıyırdı - yüksək inflyasiya, manatın devalvasiyasını, iqtisaiyyatda pula olan tələbin artmasını, sonuncu, Mərkəzi bank və komersiya bankları tərəfindən faiz dərəcələrinin artımını, bank və büdcə sistemi vasitəsi ilə artan tələbin ödənilməsi isə, Mərkəzi bank tərəfindən sürətli emissiyanı, dövriyyədə olan pul kütləsinin artımını və yeni səviyyədə inflyasiya və manatın devalvasiyası proseslərini müəyyənləşdirirdi.

Vəziyyətin stabilləşdirilməsi və AMB-in yaranmış vəziyyətə nəzarətinin bərpa olunması üçün, ilk növbədə, monetar sistemin idarə olunması strukturunda və istifadə olunan tənzimləmə mexanizmlərində əsaslı təkmilləşdirmələrin aparılması tələb olunurdu.

1995-1999-cu illər.

Azərbaycanda Beynəlxalq Maliyyə Qurumları, ilk növbədə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə əldə edilmiş razılıqlar və bu qurumlar tərəfindən təqdim olunan kreditlər əsasında islahatlar dövrü başlandı. Maliyyə sektoru üzrə aparılacaq islahatlarda iki əsas istiqamət müəyyənləşdi:

- makroiqtisadi stabilləşdirmə, maliyyə sabitliyinin formalaşdırılması və bu məqsədlə monetar sferada sərt tənzimlənmə mexanizmlərinin tətbiqi;

- bank sektorunda sağlamlaşdırma və struktur islahatlarının reallaşdırılması;

Makroiqtisadi siyasətin əsas hədəfləri qismində - dövriyyədə olan pul kütləsinin artım sürəti və büdcə kəsri səviyyəsinin azaldılması, bu kəsrin inflyasiya yaratmayan amillər (daxili borclanmalar) hesabına maliyyələşdirilməsi, inflyasiyanın minimum səviyyəsinin və milli valyutanın nominal mübadilə məzənnəsinin dayanıqlığının təmin olunması, iqtisadiyyatda faiz dərəcələrinin azaldılması və s. çıxış edirdi.

Reallaşdırılan islahatlar proqramı nəticəsində:

- Azərbaycan qanunvericiliyində AMB-in müstəqilliyinin təmin olunması və onun ölkə hökumətindən hər hansı bir asılılığının aradan qaldırılması,

- Dövlət büdcəsi kəsrinin Mərkəzi Bankın kreditləri hesabına maliyyələşdirilməsinin qanunvericiliklə qadağan edilməsi;

- dövlət maliyyəsinin idarə olunmasında zəruri səmərəliliyin təmin olunması üçün Xəzinədarlıq sisteminə keçid;

- ölkədə, neft sazişləri üzrə daxil olmuş bonuslar və Beynəlxalq Maliyyə Qurumları tərəfindən verilmiş kreditlər hesabına zəruri qızıl-valyuta ehtiyatlarının formalaşdırılması, onların idarə olunmasının AMB-yə həvalə olunması;

- valyuta ticarətinin sərbəstləşdirilməsi, AMB-in rəhbərliyi və bilavasitə iştirakı ilə mütəşəkkil valyuta bazarı-Bakı Banklararası Valyuta Birjasının (BBVB) təsis olunması və sonrakı illər bazarın ayrı-ayrı seqmentlərinin sürətli inkişafı;

- manatın cari əməliyyatlar üzrə dönərliyinin təmin edilməsi, hüquqi və fiziki şəxslər üçün valyuta əməliyyatları rejiminin müəyyənləşdirilməsi;

- pul-kredir, valyuta siyasətlərinin formalaşdırılması mexanizmləri və istifadə olunan pul-kredit rejiminin təkmilləşdirilməsi; mübadilə məzənnəsi kanalının dövriyyədə olan pul kütləsi səviyyəsinin tənzimlənməsinin əsas alətlərindən birinə çevrilməsi və s. qısa zaman kəsiyi ərzində iqtisadiyyatda əsaslı dəyişikliklərin əldə olunmasına imkan verdi.

Makroiqtisadi vəziyyət üzrə - inflyasiya sürətlə azalaraq, 1997-ci il, artıq 3,7% səviyyəsinə endirildi; manatın nominal mübadilə məzənnəsi üzrə devalvasiya prosesləri sərt dayandırıldı; dövlət büdcəsi üzrə kəsrinin səviyyəsi minimuma endirildi; dövriyyədə olan pul kütləsinin artım sürəti və iqtisadiyyatda faiz dərəcəsi səviyyələri ardıcıl olaraq azaldıldı.

Bank sektoru üzrə 1992-1994-cü illər ərzində yığılmış problemlər:

- dövlət banklarında vaxtı ötmüş və ümidsiz kreditlərin yüksək səviyyəsi, cəlb olunmuş dövlət vəsaitlərinin geri qaytarılmasının mümkünsüzlüyü, onların restrukturizasiyası və bankların sağlamlaşdırılması zəruriliyi;

- özəl bank sektorunda dayanıqsız, qeyri-stabil fəaliyyət göstərən və əsas fəaliyyət istiqaməti maliyyə möhtəkirliyi olan bankların fəaliyyətinin dayandırılması zəruriliyi (bank fəaliyyətinin libarallaşdırılmasının ilk illəri yaradılan bankların minimum nizamnamə kapitalına olan tələb 10-12 min ABŞ doll. ekvivalent səviyyədə idi. Bu cür kiçik kapitalla yaradılmış banklar iqtisadiyyatda əhəmiyyətli rol oynaya bilməzdilər və bu səbəbdən də onların əsas fəaliyyət istiqamətləri kimi maliyyə möhtəkirliyi müəyyənləşmişdi) və s.

Dövlət banklarının ardıcıl sağlamlaşdırılması və restrukturizasiyası nəticəsində böyük həcmdə qaytarılmamış kreditlərə malik olan 3 dövlət komersiya bankının - “Sənaye-investisiya”, “Aqrar-sənaye” və “Əmanət bankı”-nın sağlam aktivləri əsasında yeni, Birləşmiş Universal Səhmdar bankı (sonrakı illərdə ASC “Kapital bank”) və vaxtı ötmüş kreditlərin qaytarılması üzrə xüsusi, “Aqrarkredit” bank olmayan kredit təşkilatı formalaşdı. Bununla, sonradan özəlləşdiriləcək və hələki dövlətin nəzarətində qalan sağlam aktivli yeni komersiya bankı yaradıldı;

Özəl komersiya banklarının dayanıqlığı və stabilliyinin artırılması, dayanıqsız və qeyri-stabil bankların bazardan çıxarılması məqsədi ilə, onların fəaliyyətinə olan tələblər, ilk növbədə, banklarının minimum nizamnamə kapitalına olan tələblər, ardıcıl və sürətli artırılmağa başladı; komersiya banklarına mərkəzləşdirilmiş kredit resurslarının verilməsi prosedurlarının bazar tələblərinə uyğunlaşdırılması nəticəsində, mərkəzləşdirilmiş kredit resurslarının əldə olunması imkanları sərtləşdirildi, bu reserslara olan süni (möhtəkir) təlabatın qarşısı alındı və s. Görülmüş tədbirlər zəif və dayanıqsız komersiya banklarının fəaliyyətlərini əsaslı surətdə məhdudlaşdırdı və iqtisadiyyatda onların sayı azalaraq, 1999-cu ildə 70-ə çatdı.

Bunlardan başqa, ölkədə nağd valyuta əməliyyatları üzrə mövcud olmuş “qara bazar” ləğv olundu; banklarda “nağdlaşdırma” üzrə əməliyyatların qarşısı alındı; kredit əməliyyatları üzrə geniş tətbiq olunan “rəsmi” və “qeyri-rəsmi” faiz dərəcəsi bölgüləri aradan qaldırıldı; əhalinin banklara itirilmiş inamı tədricən bərpa edildi və s.

Bu illər AMB ölkə iqtisadiyyatına əlavə maliyyə vəsaitlərinin cəlb olunması və bank sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Avropa Yenidən Qurma və İnkişaf bankı, Asiya inkişaf bankı, İslam İnkişaf bankı, Almaniya,Yaponiya, Küveyt və digər ölkələrin nüfuzlu maliyyə təşkilatları ilə beynəlxalq əlaqələrini sürətlə genişləndirdi. Bu əlaqələrin genişləndirilməsi nəticəsində Azərbancan bank sisteminə texniki yardımlar, iqtisadiyyata daxil olan birbaşa və portfel investisiyaların həcmi əsaslı surətdə artdı.

Lakin makroiqtisadi sabitlik və struktur islahatları illərində iqtisadiyyatda bir sıra neqativ meyllər də formalaşmağa başladı. Bu meyllərin əsasında isə, 1998-1999-cu illər Cənubi-Şərqi Asiyada başlamış və dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycana qonşu, Rusiya Federasiyası və Türkiyədə davam edən maliyyə böhranları dururdu. Dünya bazarlarında neftin qiymətinin sürətli azalması (AzeriLight markalı 1 barrel Azərbaycan nefti - 12 ABŞ dolları), ölkədə, dövlət büdcəsi və mərkəzi bankın qızıl-valyuta ehtiyatlarının formalaşmasında problemlər yaratdı. 1998-1999-cu illər ərzində Azərbaycanda:

- sürətli deflyasiya və manatın ABŞ dollarına nisbətdə nominal mübadilə məzənnəsinin möhkəmlənməsi müşahidə olundu. İlk dəfə olaraq manatın real effektiv mübadilə məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmləndi;

- dövriyyədə olan pul kütləsi və pul ilə təminat səviyyələri kəskin olaraq azaldı və iqtisadiyyatda yeni fenomen- “pul aclığı” müşahidə olunmağa başladı.

Bütün bu meyllər Azərbaycanda iqtisadi artıma, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə mənfi təsir göstərir, yeni özəlləşdirilmiş istehsal sahələri-yüngül və yeyinti sənaye sahələri, kənd təsərrüfatı və ümumilikdə ticari mallar istehsalı üzrə “ölkədaxili bazar qiymətləri” problemini kəskinləşdirirdi.

Yaranmış problemin monetar sferada həlli isə, AMB və Azərbaycan hökuməti ilə BVF arasında şərtlərləşdirilmiş kreditlət üzrə yeni razılıqların əldə olunmasını, reallaşdırılan sərt makroiqtisadi tənzimləmə siyasətinin yumşaldılmasını tələb edirdi.

2000-2003-cü illər

2000-ci ilin əvvəllərindən etibarən AMB-in fəaliyyəti ölkədə makroiqtisadi şəraitin təkmilləşdirilməsinə, bank sistemində keyfiyyət dəyişikliyinə və beynəlxalq standartlara müvafiq bank sektorunun formalaşması üzrə tədbirlərin reallaşdırılmasına istiqamətləndi.

Makroiqtisadi şəraitin təkmilləşdirilməsi və qeyri-neft sənaye sahələrinin inkişafı qarşısındakı maneələrin aradan qaldırılması üçün, AMB sərt makroiqtisadi tənzimləmə siyasətini, məhdudlaşdırıcı makroiqtisadi tənzimləmə siyasəti ilə əvəzlədi. Yeni siyasətin hədəfləri qismində - iqtisadi artıma mənfi təsir göstərən deflyasiyanın aradan qaldırılması; inflyasiyanın nəzarətdə saxlanılan minimum səviyyəsinin təmin olunması; manatın nominal və real effektiv mübadilə məzənnələrinin möhkəmlənməsinin dayandırılması; iqtisadiyyatın pul ilə təminat səviyyəsinin yüksəldilməsi, dövriyyədə olan pul kütləsinin genişləndirilməsi və faiz dərəcələrinin azaldılması çıxış edirdi.

İlk növbədə, AMB, milli valyutanın nominal mübadilə məzənnəsinin möhkəmlənməsi siyasətini, onun devalvasiyası (ardıcıl ucuzlaşdırılması) siyasəti ilə əvəzlədi. Azərbaycan manatının nominal mübadilə məzənnəsinin tədricən devalvasiya edilərək, 2000-ci ilin nəticələri üzrə, 1ABŞ doll.= 0,913AzN-dən, 2003-cü ilin nəticələri üzrə 1ABŞ doll.=0,984AzN səviyyəsinə qədər ucuzlaşması ilə, iqtisadiyyata daxil olan pul kütləsi həcmləri və dövlət büdcəsinə daxilolmaların səviyyələri artırıldı.

Bundan sonra, AMB iqtisadiyyatda kreditləşdirmənin, dövriyyədə olan pul kütləsinin genişləndirilməsi və banklarda likvidlik səviyyələrinin yüksəldilməsi üçün mərkəzləşdirilmiş kreditlər üzrə faiz dərəcələri və məcburi ehtiyat normalarını azaldaraq, ölkədə yenidən formalaşmış bank sektorunun dayanıqlı banklarının kreditləşdirilməsini genişləndirdi.

İqtisadiyyatda inflyasiyanın nəzarətdə saxlanıla bilən, orta illik, 1,5-2,5% səviyyəsinin təmin olunması və manatın devalvasiya templərinin inflyasiya templərini üstələməsi, manatın real effektiv mübadilə məzənnəsinin azalmasını, son nəticədə isə, iqtisadi artımda qeyri-neft sənaye sahələrinin inkişafı üzrə müsbət meyllərin sürətlənməsini müəyyənləşdirdi.

Bank sektoru üzrə keyfiyyət dəyişikliyinin təmin olunması - bankların fəaliyyətinin inkişaf etmiş qabaqcıl ölkələrin bank təcrübəsinə uyğunlaşdırılması, banklarda dayanıqlığın və stabilliyin artırılması, yeni bank texnologiyalarının tətbiqi, bankların fəaliyyətinə nəzarət və bank risklərinin tənzimlənməsində, korporativ idarəetmədə beynəlxalq standartların tətbiqi – 2000-ci illərin əvvəllərindən etibarən AMB-in əsas fəaliyyət istiqamətləri kimi formalaşdı.

Bu istiqamətdə atılmış ilk və ən mühüm addım, ölkədə “AZİPS”- real vaxt rejimində banklararası milli hesablaşmalar sistemi və “XÖHKS”- Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin fəaliyyətə başlaması oldu.

Azərbaycanda elektron hesablaşmalar sisteminin tətbiqinə qədər banklararası hesablaşmalar kağız formatında və icra müddəti üçün 3-5 gün ərzində aparılırdı. Elektron hesablaşmalar sisteminin tətbiqi ilə banklararası hesablaşmalar keyfiyyətcə yeni mərhələyə daxil oldu - bank hesablaşmaları anındaca həyata keçirilməyə başladı. Hesablaşmaların bu cür sürətli aparılması, ölkə bank sisteminin qabaqcıl bank texnologiyaları əsasında fəaliyyətinin təmin olunmasına imkan verdi. Bunula yanaşı, sistem, iqtisadiyyatda olan pul kütləsinin dövretmə sürətinin artırılmasını, pula olan tələbin daha dolğun ödənilməsini təmin etdi.

2000-2003-cü illər ərzində bank sektorunda keyfiyyətin və etibarlığın artırılması; zəif, keyfiyyətcə inkişaf etməyib ətalət üzrə fəaliyyət göstərən bankların fəaliyyətinin qarşısının alınması üçün bankların birləşdirilməsi və iriləşdirilməsi istiqamətində tədbirlər davam etdirildi. Bu proseslər nəticəsində bank sektorunda fəaliyyət göstərən bankların sayı 46-ya endirildi.

2004–2008-ci illər

AMB-in fəaliyyətinin inkişafı tarixində bu illər makroiqtisadi vəziyyətə xarici və daxili təzyiqlərin kəskin gücləndiyi illər kimi xarakterizə olunur. Xarici təzyiqlər qismində:

- 2004-cü ilin əvvəllərindən etibarən dünya iqtisadiyyatında gedən proseslər və ilk növbədə, ABŞ dollarının dünyanın aparıcı valyutalarına nisbətdə sürətli devalvasiyası ilə əlaqədar, ölkəyə idxal inflyasiyası səviyyəsinin yüksəlməsi;

- Azərbaycandan neft və qaz ixracı həcmlərinin; dünya enerjidaşıyıcılar bazarında qiymət və tariflərin; və ölkənin valyuta bazarına daxil olan valyuta kütləsinin sürətli artımı ilə əlaqədar milli valyutanın nominal mübadilə məzənnəsinə təzyiqlərin güclənməsi çıxış edirdi.

Xarici amillərlə yanaşı makroiqtisadi vəziyyətə ölkədaxili amillərində təzyiqləri güclənirdi - iqtisadiyyatda məcmu xərclərin bütün komponentlər üzrə artımı inflyasiya proseslərinin sürətlənməsini şərtləndirirdi.

Yeni şəraitdə makroiqtisadi sabitliyin qorunmasının mümkün istiqamətləri, mümkün makroiqtisadi hədəflər və onlara nail olma istiqamətləri arasında ziddiyyətlər kəskinləşirdi:

-inflyasiyanın, minimum səviyyəsinin təmin olunması, manatın nominal mübadilə məzənnəsinin möhkəmlənməsini və paralel olaraq, dövriyyədə olan pul kütləsinin artım sürətinin nəzarətdə saxlanılmasını;

- iqtisadi artımda “Holland sindromu”-na yol verilməməsi, qeyri-neft sənaye sahələrində inkişaf meyllərinin qorunub saxlanmasını, manata güclənən təzyiqlərin neytrallaşdırılmasını, 2000-2003-cü illər üçün müəyyənləşdirilimiş istiqamətin- manatın devalvasiyasının davam etdirilməsini və müvafiq olaraq, real effektiv mübadilə məzənnəsinin azaldılmasını;

- iqtisadiyyatda yoxsulluq və işsizlik problemlərinin həlli Dövlət büdcəsi xətti ilə (Dövlət Neft Fondundan transferlərin artırılması hesabına) xərclərin artırılmasını və nəticə etibarı ilə dövriyyədə olan pul kütləsinin genişlənməsini tələb edirdi.

2005-2008-ci illər ərzində, AMB, monetar siyasətdə bir sıra düzəlişləri - iqtisadiyyatda pula olan tələbin zəiflədilməsi məqsədi ilə, yeniənmaliyyələşdirmə üzrə faiz dərəcəsinin, faiz dərəcəsi dəhlizinin yuxarı və aşağı hədlərinin yüksəlməsi; valyuta bazarına təzyiqlərin azaldılması məqsədi ilə istifadə olunan valyuta rejimi üzrə liberallaşdırmanın dərinləşdirilməsi, hüquqi və fiziki şəxslərin valyuta köçürmələrinə məhdudiyyətlərin azaldılması; komersiya banklarının mərkəzləşdirilmiş kreditləşdirilməsi üzrə prosedurların sərtləşdirilməsi və s., ölkədə makroiqtisadi mühitin əsaslı sarsıntılardan qorunmasını təmin etdi. İqtisadiyyatda pul kütləsinin sürətli artımına, inflyasiya proseslərinin sürətlənməsinə, milli valyutanın nominal və real effektiv mübadilə məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, ölkədə investisiyaların, məşğulluğun, ümumi gəlirlərin artımı üzrə müsbət meyllər qorunub saxlanıldı.

Bank sektoru. Bu illər bankların fəaliyyətinə prudensial nəzarətin Bazel II prinsipləri əsasında icra olunmağa başlanması ilə monetar sferada yeni idarəetmə sxemi tətbiq olunmağa başladı. Artıq AMB, dövriyyədə olan pul kütləsinin genişləndirib/sıxılması üçün malik olduğu ənənəvi mexanizmlərlə yanaşı (mərkəzi bankın faiz dərəcəsi, kreditləşdirmə, valyuta müdaxilələri, mübadilə məzənnəsi və s.), komersiya banklarının da fəaliyyətinin genişləndirib/sıxılması imkanını əldə etdi. Bu addımın əhəmiyyəti qarşıda gələn böhran illərində özünü daha qabarıq biruzə verdi.

AMB komersiya banklarının fəaliyyətini müəyyənləşdirən bir sıra parametrlərin - kapitalın adekvatlığı, cəlb olunmuş vəsaitlərin səviyyəsi, kreditlər üzrə ehtiyatların yaradılması səviyyəsini, bazar riskləri (kredit riski, valyuta riski, faiz dərəcəsi riski) səviyyələrini və s. qiymətləndirilməyə və nəzarətdə saxlamağa başladı. Bu amil isə bankların stabil və dayanıqlı fəaliyyətinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edirdi.

Bunlardan başqa bankların məcmu kapitalına və kapitallaşma səviyyəsinə olan tələblərin artırılması ilə (2007-ci ilin ortalarından etibarən bankların məcmu kapitalına olan minimum tələb 10 mln.Azn səviyyəsinə qaldırıldı), bankların konsolidasiyasının stimullaşdırılması prosesi gücləndirildi və nəticə olaraq, bank sektorunda 44 bankın fəaliyyəti mümkünləşdi. Bu addımların nəticəsi olaraq, artıq bazarda qalaraq fəaliyyət göstərəcək əsas “oyunçular” tədricən müəyyənləşirdi.

AMB-in fəaliyyətinin mühüm istiqamətlərindən birinidə ölkədə pərakəndə bankçılığın- plastik kart dövriyyəsinin genişlənməsinə, əhalinin ən geniş təbəqəsinin plastik kart xidmətləri ilə əhatə olunmasına və bankların bu istiqmətdə apardığı biznesi genişləndirməyə imkan verən “Milli kart” prosessinq mərkəzinin fəaliyyətinin təşkili və istifadəyə verməsi oldu. Bu addımla iqtisadiyyatda nağdsız hesablaşmalar və bank dövriyyəsinə sərbəst vəsaitlərin cəlb olunması prosesi sürətləndi.

Azərbaycanda elektron texnologiyaların istifadəsinin inkişaf etdirilməsi ilə banklarda, zamanın tələblərinə uyğun olaraq məsafədən göstərilən xidmətlər- “İnternet bankçılıq”; “SMS bankçılıq”; “İnternet treydinq” kimi ölkə bazarı üçün ənənəvi olmayan yeni xidmət növləri inkişaf etməyə başladı.

Bu illər ölkədə bank sektorunun infrastrukturunun inkşafının digər mühüm istiqamətləri də reallaşdırıldı - müştərilərin kredit tarixi haqqında məlumat alaraq banklarda kredit risklərinin minimallaşdırması üçün “Mərkəzləşdirilmiş kredit reyestri”-in; dövriyyədə olan sərbəst, o cümlədən əhalinin əlində olan nağd pul vəsaitlərinin bank dövriyyəsinə cəlb olunmasının sürətləndirilməsi üçün “Əmanətlərin sığortalanması fondu” və nəhayət, ölkə iqtisadiyyatının inkişafına xüsusi təsiri ilə fərqlənən “İpoteka fondu”.

2008-2010-cu illər

2008-ci ilin ikinci yarısından etibarən dünyanın aparıcı ölkələrini bürümüş qlobal maliyyə böhranı Azərbaycanda da makroiqtisadi vəziyyətə və bank sektorunun fəaliyyətinə öz mənfi təsirlərini göstərməyə başladı.

Makroiqtisadi vəziyyət. Dünya enerjidaşıyıcılar bazarrında qiymətlərin sürətlə enməsi, Azərbaycanda neft gəlirlərinin, dövlət büdcəsi üzrə gəlirlərin və valyuta bazarlarına daxilolmaların səviyyəsini kəskin azaltdı. İqtisadiyyatda manatın devalvasiyası istiqamətində təzyiqlər güclənməyə başladı.

2009-cu ilin birinci yarısı, son onillikdə ilk dəfə olaraq, AMB-in valyuta bazarında satış yönümlü intensiv valyuta müdaxilələrinin nəticəsi olaraq, qızıl-valyuta ehtiyatları səviyyəsində və dövriyyədə olan pul kütləsinin artım sürətlərində azalma meylləri formalaşmağa başladı.

Bank sektorunda. Böhrandan öncəki il ölkənin bir sıra aparıcı banklarının iri həcmdə xarici vəsaitlər (qısa və uzunmüddətli kreditlər, depozitlər və s.) cəlb etmiş, bu vəsaitlər bankların aktiv əməliyyatlarında əhəmiyyətli yer tutmuşdu. Böhranla bağlı xarici vəsaitlərin – qısa müddətli kreditlərin və depozitlərin banklardan çıxarılması, belə bankların fəaliyyətində sarsıntılar müəyyənləşdirir, bank sektorunda sistem böhranı təhlükəsi yaradırdı.

Bundan əlavə əmlak bazarında daşınmaz əmlakın qiymətlərinin sürətlə enməsi, bank sektorunda verilmiş kreditlər üzrə təminatlar problemi yaratmağa başladı (vaxtı ötmüş və qaytarılmayan kreditlər üzrə girovun məbləği, artıq, verilmiş kreditlər və onlar üzrə faizlərin miqdarını ödəmir, bank sektorunda “pis” aktivlərin çəkisi artırdi).

Belə vəziyyətdə monetar sferada böhranın təzyiq istiqamətlərinə əks təsirlərin müəyyənləşdirilməsi tələb olunurdu.

Makroiqtisadi siyasətdə həlli tələb olunan əsas məsələlərdən biri, manatın nominal mübadilə məzənnəsi üzrə mümkün dəyişmə meylinin – manatın devalvasiyası, sabit məzənnə və ya manatın möhkəmlənməsi rejimininin seçilməsi idi. AMB, ölkədaxili iqtisadi vəziyyəti müəyyənləşdirən əsas makroiqtisadi amillərin təhlili nəticəsində böhran illərində, Azərbaycanın əsas ticarət tərəfdaşı ölkələrindən (Rusiya Federasiyası, Türkiyə və s.) fərqli olaraq, manatın nominal mübadilə məzənnəsinin sabitliyinin qorunmasını zəruri hesab etdi. Böhrandan sonrakı illərin təhlilləri göstərdi ki, bu, böhran illəri üçün ən doğru seçim idi.

İqtisadiyyatın pul ilə təminat səviiyyəsinin yaxşılaşdırılması və ölkədə iqtisadi fəallığın canlandırılması üçün, 2008-2010-cu illər ərzində - bankaların likvidlik və iqtisadiyyatın pul ilə təminat səviyyəsinin yüksəldilməsi üçün bankların məcburi ehtiyat normaları 10%-dən, 0,5%-ə kimi, faiz dərəcəsi 15%-dən, 2%-ə kimi azaldıldı (təkcə bu tədbirin nəticəsi olaraq dövriyyəyə əlavə olaraq 2 mlrd.ABŞ dollarına ekvivalent vəsait daxil oldu).

Bunlardan başqa, monetar siyasətin hədəfləri və tələblərinə müvafiq olaraq, ümumi iqtisadi siyasətdə - Azərbaycan investisiya şirkətinin iri investisiya layihələrində iştirakı; Sahibkarlığa yardım milli fondunun kiçik və orta sahibkarlığa dəstəyi; dövlətin yerli iri şirkətlərə maliyyə dəstəyi artırıldı.

Likvidlik problemi yaşayan banklarda fəaliyyətin davam etdirilməsi, bank sektorunda ümumi likvidlik səviyyəsinin qaldırılması və nəhayət, mümkün ola biləcək neqativ meyllərin qarşısını alınması üçün, böhran illəri, bankların əhəmiyyətli kreditləşdirilməsi aparıldı.

Girovlarla bağlı yaranmış problemin dərinləşməsinə yol verməmək və gərginliyin zəiflədilməsi, hesablaşmalarda yaranmaş çətinliklərin aradan qaldırılması, dövriyyədə olan pul kütləsinin artım səviyyəsindəki neqativ meyllərin qarşısının alınması və nəhayət, əmlak bazarında qiymətlərin stabilləşdirilməsi üçün “İpoteka Fondunun” fəaliyyəti canlandırıldı. Bundan başqa, AMB, banklarda əmlak girovu üzrə verilən kreditlərə prudensial normaları sərtləşdirdi.

Böhran illəri bank sektorunda “pis” aktivlərin, o cümlədən vaxtı ötmüş kreditlərin səviyyəsinin yüksəlməsi, banklarda kapitallaşma problemini kəskinləşdirdi. Bu məqsədlə, vergi qaninvericiliyində müvafiq dəyişikliklər edildi və 2009-2012-ci illər ərzində, bankların kapitallaşma səviyyəsinin yüksəldilməsi məqsədi ilə onlar mənfəət vergisindən azad edildilər. Depozitlərin səviyyəsinin azalması meyllərinin qarşısının alınması və əhalinin bank sektoruna inam və maraqlarının bərpa olunması üçün Əmanətlərin Sığortalanması Fondu üzrə banklarda əmanətlərin sığortalanan hissəsi yüksəldildi;

Bütün bu reallaşdırılmış tədbirlərin nəticəsi olaraq, dünyanın əksər ölkələrində müşahidə olunan tənəzzül və dünya iqtisadiyyatı üzrə orta artım göstəricilərdən fərqli olaraq, Azərbaycan iqtisadiyyatı, 2008-2010-cu illərdə də inkişaf meyllərini və bank sistemində stabilliyi qoruyub saxladı. İnkişaf perspektivləri. Bank sektorunun inkişaf səviyyəsi ölkə itisadiyyatının inkişafını müəyyənləşdirən və onu xarakterizə edən ən mühüm göstəricilərdəndir. Bir qayda olaraq, inkişaf etmiş bank sektoruna sürətlə inkişaf edən iqtisadiyyatlar malik olurlar. Bu baxımdan AMB-in qarşısında, hal-hazırda, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən məsələlər durur:

– yaxın və orta müddətli perspektivdə Azərbaycanda makroiqtisadi sabitliyin qorunmasına, iqtisadi artımın stimullaşdıtılmasına, o cümlədən, qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatda bank xidmətləri bazarının, o cümlədən, kreditləşdirmənin genişləndirilməsinə yönəlmiş təsirlərin formalaşdırılması;

– bank sektorunda strukturun optimallaşdırılması, kapitallaşma səviyyəsinin yüksəldilməsi, inhisar mövqelərin məhdudlaşdırılması və sağlam rəqabət mühitinin formalaşdırılması;

– nəzarət mexanizmlərinin təkmilləşdirilməsi – stress-testlər, risk menecment, biznesin inkişafının planlaşdırılmasına nəzarət sistemlərinin tətbiqi;

– elektron ödəniş sistemində yeni keyfiyyət mərhələsinə keçidin təmin olunması və s.

AMB-in, istər ölkə iqtisadiyyatının və bank sektorunun gərgin illərində reallaşdırdığı stabilləşdirmə siyasəti, istərsədə, yüksək iqtisadi artım templəri illərində reallaşdırdığı strategiyalar – qarşıdakı məsələlərin də müvəffəqiyyətli həllinə əminlik yaradır.


 
Created by Azerin LLC